Ombudsman Aparatı Əfv sərəncamının icrası barədə

Ombudsman Aparatı Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamının icrası ilə bağlı bəyanat yayıb.

Aparatdan Metbuat.az-a daxil olan məlumatda bildirilib ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 431 məhkum əfv olunub.

Sərəncam əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bəyanatda qeyd olunub: "Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən, üç nəfər islah işləri cəzasından, habelə bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib".

Bildirilib ki, Ombudsman Elmira Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu Əfv sərəncamı ilə 54 məhkum, o cümlədən qadın və əcnəbi məhkumlar əfv olunub:

"Ombudsman Elmira Süleymanova fəaliyyət dövrü ərzində məhkumların özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasında hər ay müntəzəm olaraq Əfv Komissiyasına müraciətlər ünvanlayır. E.Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu Əfv Sərəncamı ilə 54 məhkum, o cümlədən qadın və əcnəbi məhkumlar əfv olunub. Fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 700-dək məhkum, o cümlədən yeniyetmələr, qadınlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb".

Bəyanata əsasən, Ombudsman Aparatnın rəhbəri Aydın Səfixanlı, İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə, Aparatın digər əməkdaşları, habelə Müvəkkilin Gəncə və Şəki regional mərkəzlərinin nümayəndələri Əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 2, 4, 6, 7, 9, 15, 17 saylı cəzaçəkmə və Müalicə müəssisələrində, istintaq təcridxanalarında, habelə Şəki Penitensiar Müəssisəsində və məntəqə tipli cəzaçəkmə müəssisələrində olublar.

"Bu tədbirlərdə məhkumlara ikiqat bayramlar - əfv olunmaları və Novruz bayramı münasibətilə təbrik və xoş arzular ünvanlanmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev hər zaman fəaliyyətində humanizm siyasətinə, insan hüquqlarının təmininə önəm vermiş və bu siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Müstəqillik tarixində dövlətimizin humanist siyasəti nəticəsində yeganə ölkə olaraq Azərbaycanda qısa müddət ərzində 65 Əfv Sərəncamının imzalandığı, 11 Amnistiya Aktının qəbul olunduğu, nəticədə isə minlərlə insanın ailələrinə, cəmiyyətə qovuşduğunu diqqətə çatdırılıb.

Ombudsman təsisatının nümayəndələri azadlığa buraxılanlara ailələrinə və cəmiyyətə, sağlam həyat tərzinə qovuşmağı, dövlətçiliyə sadiq qalmağı, faydalı əməklə məşğul olmağı tövsiyə ediblər.

Yekunda bu müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim edilib.

Əfv olunan şəxslər minlərlə insanı əhatə edən, Əfv Sərəncamlarına və Amnistiya Aktlarına, insan hüquqları sahəsində humanist addımlara görə dövlət başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər", - deyə bəyanat qeyd olunub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR