"Özəl sektorun güclənməsi yeni iş yerləri deməkdir": Əli Əhmədov

"Azərbaycanda özəl sektorun daha da güclənməsini, inkişaf etməsini arzulayırıq. Bu, yeni iş yerləri deməkdir".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, özəl sektor inkişaf edərsə, güclənərsə, bu, daha çox sadə insanlarımızın işlə təmin olunması deməkdir. Özəl sahədə işləyən insanların əmək haqqının artması, sosial müdafiəsinin yaxşılaşdırılması deməkdir. Eyni zamanda özəl sahədən Azərbaycanın büdcəsinə daxil olan vəsaitin məbləğinin artması deməkdir. Özəl sahənin inkişafı dövlətin İqtisadiyyatının inkişafı deməkdir".

Əli Əhmədov bildirib ki, özəl sahənin yalnız istehsalla, yaxud xidmətlərin göstərilməsi ilə bağlı olmayan bəzi vəzifələri də var:

"Məsələn, yaxşı olar ki, onlar insanların sosial problemlərinin həll olunmasında daha yaxından iştirak etsinlər. Azərbaycanda böyük şirkətlər yaradılsın və bu şirkətlər elmə, təhsilə sərmayə qoysunlar. Böyük şirkətlər öz uşaq bağçalarını yarada bilərlər ki, orada işləyən işçilər üçün daha yaxşı imkanlar təqdim edə bilsinlər. Özəl sahə ekologiyanın qorunmasına, idmanın, mədəniyyətin inkişafına, mədəniyyət xadimlərinin dəstəklənməsinə öz töhfələrini verə bilər. Dünyanın hər yerində böyük şirkətlərin müxtəlif layihələrə, elmə, mədəniyyətə, təhsilə ayırdığı böyük vəsaitlər olur. Hər şeyi dövlətin üzərinə qoymaq düzgün deyil".

Baş nazirin müavini bildirib ki, dünyanın bütün mədəni ölkələrində imkanı olan insanlar, sahibkarlar, iş adamları cəmiyyəti maraqlandıran problemlərin, qarşıda duran vəzifələrin həll olunmasında yaxından iştirak edirlər: "Onlar iştirak etməlidirlər, çünki vəsait onlardadır, imkanlar onlardadır. Onlar dövlətə, cəmiyyətə də, ehtiyacı olan insanlara da, elmə, təhsilə də öz töhfələrini verməlidir. Hesab edirəm ki, bizim özəl sahə bütün bunları diqqətdən kənarda qoymamalıdır".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR