"İnsan ölənə qədər nə qədər əks cinslə sevişə bilər" - Yazar filosofun suallarına elə cavablar verdi ki...

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın tanınan simalarına ünvanlayaq.


Müsahibimiz yazar Dilqəm Əhməddir.


- Ürəyimizə yiyəlik edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz bərk sevirsiz yoxsa, necə?

- Mən bir dəfə bərk sevmişəm. Əgər bu, mənim yadıma düşürsə, demək ki, hələ də hansısa hüceyrəmdə o hisslər qalıb. Mənim həkim dostum deyir ki, sevgi tamamilə beyinlə bağlı maddi hissdir. Yəni bəlli hormonlarımızla bağlıdır, bir müddət sevgilini görmədiyin vaxt bu hormonlar azalır, sən onu unudursan. Tibbin qarşısında boynumuz qıldan incədir, amma bu qədər sevgiyə həsr olunmuş, ədəbiyyatı, filmı, musiqiləri beynimizin hormonlarına bağlamaq, açığı xoşuma gəlmir. Sevginin nə olduğunu izah etməkdə acizəm, sevgi nədirsə, fövqəladə bir şeydir, bunu yaşamaq 60-70 illik ömrümüzün ən gözəl dönəmi olur. Çünki həyat bizi elə qəliblərə salıb ki, məcbur yaşamaq üçün müxtəlif yollara baş vururuq, amma sevgi gözləmədiyimiz, planlamadığımız anda bizi saran möhtəşəm bir duyğudur. Bu duyğu iyrəncliyə gətirib çıxarırmı? Düzü, buna inanmıram. İnsan sevgi uğrunda qətl törətməz, əksinə sevgi uğrunda yaşadar. Problemlərin çıxması normaldır, çünki yenə də hansısa qısqanclıq yaradan hormonlarımız var, yəqin ki. Amma bütün hallarda sevgi yaşatmağa xidmət etməlidir. Təsəvvür edin ki, iki fərqli mühitdə, fərqli çevrələrdə böyümüş gənclər haradasa bir-birilərini görürlər və qarşılıqlı şəkildə aşiq olurlar. Bu, necə ola bilir? Təbii ki, təktərəfli daha çox olur və bu təbiət qanunlarına uyğundur. Təbiət qanunlarına uyğun olmayan iki insanın bir-birini sevməsidir.

- Sevgi öldürməyə qadirdir?

- Açığı, ətrafımda sevgidən ölən görməmişəm. Ağlayan, sızıldayan, nalə çəkən görmüşəm, amma sevgi uğrunda intihar edənə və ya sevgisindən həlak olana rast gəlməmişəm. Xəstəlik tutan olub. Sözün həqiqi mənasında ürəyində, ciyərində, mədəsində problemə səbəb olanlar eşitmişəm. Çünki qarşılıqsız sevgi nəticədə insanda stressə, depressiyaya səbəb olur, bu da insan orqanlarına ziyan vurur.

- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə istəkləmi törəyir?

- İnsan azad doğulmur. Bunu başdan qəbul etmək lazımdır. Bir uşaq doğulanda o artıq hansısa dövlətin səhiyyə sistemində dünyaya gəlməsi ilə həyata qədəm basır. ABŞ-dakı bir xəstəxanada dünyaya gələn uşaqla Azərbaycanda dünyaya gələn uşaq eyni dərəcədə azad ola bilərmi? Əsla. Eləcə də uşaq dünyaya gələndə artıq valideynlərinin maddi vəziyyətindən asılı olaraq iməkləməyə başlayır. Heç zəngin ailədə doğulan uşaqla kasıbın uşağı eyni uşaq yeməyini qəbul edərmi? Ardınca uşağın bağça, məktəb həyatı başlayır. Xarici dil öyrədən, lüks şəraiti, dadlı yeməkləri olan özəl bağça ilə dövlət bağçası eyni ola bilərmi? Əsla. Bunları xeyli uzada bilərəm. Sözüm ona ki, həyat bizi qocalıb əldən düşənə qədər hər hansı bir sistemin əsarətinə salır. Bundan ancaq nadir insanlar qaça bilər. Ölənə qədər kiminsə işçisi olaraq çalışırsan, qocalana yaxın dövlətin pensiya fonduna möhtac qalırsan. Mənə görə indiki dövrdə azad adamlar dağların başındakı ucqar kəndlərdə yaşayanlardırlar ki, təbiətin onlara verdiyi nemətlərə şükr edib azad ömür sürürlər. Nə qədər ki, kapitalizm var, insan azad olmayacaq.

- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Orta əsrlər ən maraqlı dövr olub. Təsəvvür edin ki, insanlar yeni qitələr, yeni dənizlər, yeni çaylar, qəribə dildə danışan adamlar kəşf edirlər. Şimal və Cənub qütbünü, Amerikanı, Avstraliyanı və s. kəşf edirlər. Bundan həyəcanlı nə ola bilər ki? Sənin bir kəşfinlə dünya xəritəsi dəyişir. Amma indi belə həyəcan qalmayıb. Arada Marsa göndərilən robotları izləyib NASA-da çalışanlara qibtə edirik, amma Marsda insan, dumduru çaylar, buz kimi bulaqlar olmadığına görə maraqsızdır. Amerika uzağı orada özünə hərbi baza tikəcək, Pentaqon ordan Rusiyaya, Çinə raketlər tuşlayacaq. Yəni bu qədər maraqsız. Yeni dünyaya gəldikdə isə insan çox nankordur. Yer üzündə cənnət yaratmaq əvəzinə, xəyali bir cənnət arzusuna düşüb. Yer üzündə Ozon qatı kimi həyati əhəmiyyətli bir xəzinəmiz var, biz nə edirik? Fəaliyyətimizlə onu əridirik. Eləcə də buzlaqlarımızı əridirik, meşələrimizi qırırıq, Urmiya gölünün timsalında göllərimizi quruduruq, çaylarımıza zəhərli maddələr atıb zəhərləyirik. Qanunsuz ovlar baş alıb gedir, nadir canlıların yox olmasına səbəb oluruq. Dünyanın bir qismi hər gün tonlarla zibilliyə yemək atır, bir qismi isə acından ölür. Bunu edən Zevs deyil, insandır. İnsan əlindəki Yer kürəsi kimi, qalaktikamızdakı tək möhtəşəm planeti məhv edir, amma öldükdən sonra cənnətə düşəcəyini arzulayır.

- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

- İnsanlığın bilinən 6 min illik tarixinə nəzər salsaq, görərik ki, dünyadakı sərvətlər hamının olmayıb. Tarixin heç bir dövründə bərabərlik olmayıb, bu, mümkün də deyil. Hər dönəmdə güclülər, zənginlər kasıbları, zəifləri əzib, onu bir tikə çörəyə möhtac qoyub. Bəlkə də, bu, təbiətin qanunudur. Düzdür, indi bəzi ölkələrdə ağlını işlətdiyin təqdirdə, milyonçular, milyarderlər siyahısına düşə bilərsən. Yəni bir kasıb 5 il sonra bir milyonçu ola bilər. Amma böyük miqyasda bu, mümkünsüzdür. Varlının oğlu atasının şirkətini idarə edir, məmur öz kürsüsünü övladına ötürür, beləcə kasıblar, fəhlələr ömür boyu əzilən tərəf kimi qalır. Bunu dəyişmək olarmı? Bəzi ideologiyalar buna cəhd etdi, amma nəticədə gördük ki, “kommunizm bəxş edəcəyəm” deyənlər ən vəhşi kapitalistdən də pis adam oldular. Adamları kütləvi şəkildə öldürüb, bir tip adam yaratmaq, sonra onları idarə etmək kommunizm, sosializm deyil, köləliyin yeni bir formasıdır.

- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı, sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Yenə bir nankorluq situasiyası ilə qarşı-qarşıyayıq. Nə olsun ki, öləcəyik? Bəyəm ölümün varlığı, bizi futbol oynadıqdan sonra içdiyimiz sudan alacağımız ləzzətə mane olur? İnsan ölənə qədər nə qədər əks cinslə sevişə bilər. Bu, bəyəm pis hissdir? Neçə qadın (kişi) sevə bilər, neçə əsrarəngiz ölkə görə bilərik. Gənclik kimi gözəl nemət var. Bunlardan faydalanmaq lazımdır. Tarixi abidələr, möhtəşəm romanlar, Bethoven, Motsartın əsərləri, rəssamların əsərləri... Ölüm var deyə bunlardan zövq almayaqmı?

- Başqalarının gözəllik tapdığı yerdə əyər və əskiklik axtarmağın adı və dadı nədir?

- Paxıllıq, qibtə, axmaqlıq.

- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- Parisin məşhur kilsəsi yandı. Bunu maraqla izləyib sevinənlərin olduğunu gördük. Amma o yanğın haqqında qəzetdə çıxan material, əlbəttə ki maraqsız olacaq. 850 illik kilsə sənin gözlərin qarşısında yanır. Bəli, bu faciədir, amma bunu izləməyin özü də bir tarixdir. Sən o kilsənin tikildiyini görməmisən, onu tikənləri görməmisən, amma necə yandığını, necə külə çevrildiyini, necə yox olduğunu görürsən. Görünür, insan beyni tarixi hadisələrə şahidlik etməyi xoşlayır.

- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, iki üzlü olmuşlar?

- Bəli elə olublar. Bugün alimlərin minbir əziyyətlə yerin altından çıxardıqları mixi yazılı kitabələrdə heç də sevgidən bəhs edilmir. “Mən Assur hökmdarı filan yeri tutdum, filankəsin başını əzdim” və s. Kitabələr bundan ibarətdir.

- Kandid olmağa nə mane olur sizə?

- Cavablarımdan gördünüz ki, mən əslində Kandidin davamçılarından biriyəm.


Hazırladı:

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI