"Tarixdə ən uzun sürən müharibə qaynana gəlin müharibəsidir" - Psixoloq rəyi

Statistikaya əsasən bu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5 min 562 boşanma halları qeydə alınıb. Bu isə o deməkdir ki, hər günə təxminən 45 nəfər boşanır. Boşanmaların kökündə duran problem müxtəlif olsada amma nəticə dəyişmir.

Məlumata əsasən ən çox boşanma halları ailələrdə ilk 5 il ərzində qeydə alınır. Son illərdə Azərbaycanda boşanmaların sayı artmaqdadır. Bunlardan əksəriyyətinin gəlin-qaynana arasında baş verən münaqişələrdən dolayı olduğu məlumdur. Qaynanaların evliliyə müdaxiləsi dorudurmu? Qaynana-gəlin münasibətlərində problemlər nədən ibarətdir? Bunun həlli üçün necə davranılmalıdır?

Metbuat.az bu sualları psixoloq Gülnar Orucovaya ünvanlayıb. Psixoloq bildirib ki, bu cür münaqişələr hər zaman, bütün ailələrdə olub, bunun həlli üçün insan özü addım atmalıdır:

"Bir gün universitetdə müəllimim məndən soruşdu ki, ən uzun sürən müharibə hansıdır? Dedim ki, “100 illik müharibə” olar. Dedi yox, ən uzun sürən müharibə gəlin-qaynana müharibəsidir. Dövrümüzdə də, keçmişdə də gəlin-qaynana münasibətlərində gərginliklər hər zaman görülüb. Bunu bölgəyə, ölkəyə görə də ayırmaq doğru olmaz, bütün ailələrdə bu zaman-zaman olur. Evliliyin ilk 3 ilində bəzi ailələrdə problemlər olur. Bu 3 il kritik dönəm hesab olunur. Bu dövrdə baş verən problemlərə sadəcə səbr edib dözmək lazımdır.

Bugün qaynanaların ailələrə müdaxilələri artıb. Ana öz oğlunu o qədər çox istəyir ki, gəlini başa salmağa çalışır ki, yeməyini belə bişir, paltarını belə yu, yaxşı qulluq elə. Bəzən də gəlinin etdiyini bəyənmir, özü etməli olur. Burada artıq problemlər meydana gəlir. Bəzən də qızın anası ailəyə çox qarışır. Deyir ki, oğlan tərəfi əvvəl belə söz vermişdi, niyə söz verdiyini etmədi? Ümumiyyətlə ailələr bir-birini bəyənməmiş ola bilər, amma övladları bir yerdədir deyə, bir-birilərinə hörmətlə yanaşmağı bacarmalıdırlar.

Bugün gəlin qaynana davalarının əsas səbəbləri nədir? Gəlinin evdə geyimindən tutmuş, bişirdiyi yeməkdən tutmuş, icazə almadan hara getməsi, öz qohumları ilə münasibət qurub evə vaxt ayırmaması kimi səbəblər olur. Amma bugün bu davaları həll etmək üçün biz səy göstərməliyik. İnsan öz gəlinini qızı kimi sevməlidir. Xanımlar da ailə quranda anlamalıdılar ki, bu oğulu bir ana böyüdüb. Bugün mən sizə kifayət qədər ailə göstərə bilərəm ki, heç bir problemsiz yola gedə bilirlər. Ancaq elə ailələr də var ki, xırda problemə görə ailə dağılır."

Psixoloq bildirib ki, bu cür problemlərin sayının artmasını zamanın tələbləri ilə də əlaqələndirmək olar:

"Birdə bugün ən böyük problemlərdən biri qaynananın öz gəlinlik dövrü ilə indiki zamanı müqayisə etməsi olur. Başa düşmək lazımdır ki, hər dövrün, hər zamanın öz tələbatı olur. İnsanlar da, həmçinin gəlinlər də bu tələbatlara ayaq uydurmağa çalışırlar. Qaynanalar tez-tez özü ilə gəlinini müqayisə edir. Nəzərə alsaq ki, o dövrdə informasiya bolluğu az idi, telefonlar, sosial şəbəkələr yox idi. Ona görə də, problem az olurdu. İnformasiya bolluğu olanda problemlər də çoxalır. Sosial şəbəkələrin yaranması ailələrdə problemləri də artırıb."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR