"...qadın pasiyentlərdə belə hallar yaşanır" - Ölkənin siqaret tərgitdirən ilk mütəxəssisi

Bu dəfəki müsahibimiz siqaret tərgitdirmə üzrə peşəkar mütəxəssis Sahil Hüseynovdur. O, ölkəmizdə bu sahədə təhsil almış və beynəlxalq sertifikatları olan ilk və tək mütəxəssisdir.

Metbuat.az həmin müsahibəni təqdim edir:

Sahil bəy, səhv etmirəmsə, ölkəmizdə bu işlə məşğul olan başqa mütəxəssis yoxdur.

Bəli, ölkəmizdə sırf bu işlə məşğul olan ilk və yeganə mütəxəsis hələki mənəm.

Bunun üçün xüsusi təhsil və ya kurs keçmisinizmi?

Əlbətdə, tütün və tütün məhsulu olan siqaretlə mübarizə sahəsində bütün dünyada ən nüfuzlu təhsil verən Amerikanın “İnstitute for Global Tobacco Contro”nun sertifkatını ölkəmizdə əldə edən ilk beynəlxalq dərəcəli mütəxəssisəm.

Necə oldu ki, bu işlə məşğul olmağa başladınız?

2010-cu ildən 2018-ci ilədək Gənclər və İdman Nazirliyi strukturunda 3 il gənclərin inkişafı üzrə məsləhətçi, 5 il rəis müavini kimi fəaliyyət göstərmişəm. Həmin nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri tütün və tütün məhsulu olan siqaretlə mübarizə olduğundan, 2010-cu ildən vəzifə öhdəliklərimdən biri də siqaretlə mübarizə olub. Yəni 2010-cu ildən rəsmi olaraq bu işin içindəyəm. Bu sahə üzrə qəbul olunan dövlət proqramlarının və qanunvericiliyin yaradılmasında və tütünlə mübarizə üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak edən biriyəm. Özüm də çox təəssüf ki, 18 il siqaret şəkmişəm. Bunun 7 ilini gizli, 11 ilini isə paketi cibimə qoyaraq gizlətmədən çəkmişəm.

Nəhayət siqaret köləliyinə 2010-cu ilin sentyabr ayında son verdim. Gənclər və İdman Nazirliyi strukturunda işləyərkən əsas vəzifə öhdəliklərimdən biri seminar və fərdi konsultasiyalar verməklə gənclərin siqaret asılılığından xilas olmasına yardımçı olmaq idi. Amma özüm də siqaretin qurbanlarından biri olaraq o bataqlıqda çabaladığımdan bu mümkün deyildi. Qəti qərar verdim ki, özüm bu bataqlıqdan xilas olub, gənclərin də bu bataqlıqdan xilas olmasına yardımçı olmalıyam. Bu işə o qədər bağlı oldum ki, 2018-ci ilin aprel ayından işlədiyim rəhbər vəzifədən də istefa edərək bütün peşəkar həyatımı bu işə həsr etdim.

Sizə ölkəmizdən daha çox müraciət edənlər olur, yoxsa xaricdən?

Türkiyədən, İrandan və dünyanın dörd bir yanında yaşayan azərbaycanlılardan daha çox müraciət olur. Amma ölkəmizdən müraciət edənlər də az deyil. Ölkəmizdə xidmətimdən məşhur idmançılar, həkimlər, incəsənət xadimləri, idarəçilər, dövlət rəsmiləri, deputat, diplomat və biznesmenlər də faydalanmışdır. Ölkəmizdə xidmətimə ən çox müraciət edən həkimlər və incəsənət adamlarıdır.

Sizə müraciət edən incəsənət adamlarından kimin adını çəkə bilərsiniz?

Təəssüf ki, heç kimin adını çəkməyə hüququm yoxdur. Bu tip xidmətlərdən faydalanan bütün şəxslərin gizliliyi qorunur. Qanunvericiliyin və peşə etikasının əsas tələbi budur ki, şəxs özü istəməsə mənim onu açıqlamağım hüquqi məsuliyyət yaradır. Bu bütün dünyada belədir.

Seanslarınızda maraqlı hallar baş verirmi? Bu işin maraqlı tərəfi nələrdir?

Əlbəttə, ən maraqlı məqamlardan biri odur ki, bütün siqaret çəkən niyə siqareti tərgitmək lazım olduğunu çox yaxşı bilir, amma, heç bir siqaret tiryakisi niyə siqaret çəkdiyini bilmir. Seminar və seanslarımda “niyə siqaret şəkirsiniz?” sualına demək olar ki, əksəriyyət eyni cavabları verir. Amma bu həqiqi cavab deyil, elə sandıqları cavabdır. O ki qaldı qəribə hallara, ən qəribə hal elə siqaret çəkməyin özüdür. Seminar və seanslarımda pasiyentlərlə rastlaşdığım ən maraqlı və qəribə halar adətən qadın pasiyentlərlə olan seanslarda yaşanır. Bir dəfə fərdi seansımdan faydalanan xanım pasiyentə sual verdim ki, niyə siqaret çəkirsiniz? Cavabında təbəssümlə dedi ki, Sahil bəy siz işsiz qalmayasız deyə. İşsizliyə töhfə vermək üçün.

Son olaraq siqaret çəkənlərə tövsiyyələriniz nələrdir?

Siqaret çəkənlərə məsləhətim odur ki, elə indi siqaret köləliyinə yox deyib azadlıqlarına qovuşsunlar. Siqaretin zövq verməsi, rahatlatması, stressə kömək etməsi yalanına inanmasınlar. Siqaretin belə bacarığı yoxdur. Siqaretin bir bacarığı var, sizi süründürərək yavaş-yavaş öldürmək.

Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR